Ausbildung nədir?
Ausbildung Almaniyada peşə hazırlığının əsas formalarından biridir. Xüsusilə dual Ausbildung modelində tələbə həftənin bir hissəsində şirkətdə praktik işləyir, digər hissəsində peşə məktəbində nəzəri bilik alır. Bir çox proqramda təhsil müddətində aylıq Ausbildung ödənişi də verilir.
Kimlər üçün uyğundur?
Universitetdən daha praktik yol istəyən, konkret peşə öyrənmək və Almaniya əmək bazarına erkən daxil olmaq istəyən şəxslər üçün Ausbildung ciddi alternativdir. Peşə seçimi yalnız “maaşı yüksəkdir” prinsipi ilə edilməməlidir. Dil, fiziki tələblər, növbəli iş rejimi, insanlarla ünsiyyət və gələcək inkişaf imkanları nəzərə alınmalıdır.
Ən çox maraq göstərilən istiqamətlər
- Pflege / səhiyyə və qulluq
- Elektrik və mexatronika
- HVAC, santexnika və texniki servis
- Logistika və anbar idarəetməsi
- Hotel və qastronomiya
- Satış və ofis idarəçiliyi
- IT sistemləri və texniki dəstək üzrə bəzi Ausbildung proqramları
Dil tələbi
Rəsmi məlumatlara görə Ausbildung üçün adətən minimum B1 Alman dili tələb olunur. Real həyatda isə peşə məktəbini, imtahanları və iş yerində tapşırıqları rahat başa düşmək üçün B2-yə yaxın dil çox faydalıdır. Səhiyyə və insanlarla birbaşa ünsiyyət tələb edən peşələrdə daha yüksək dil səviyyəsi tələb oluna bilər.
Müraciət sənədləri
- Alman formatında CV (Lebenslauf)
- Məqsədli motivasiya məktubu (Anschreiben)
- Attestat və təhsil sənədləri
- Dil sertifikatı
- İş təcrübəsi və ya təcrübə proqramı varsa sübutlar
Ausbildung vizası
Konkrekt Ausbildung yeri olduqda peşə təhsili vizası üçün müraciət mümkündür. 2026 qaydalarında B1 dil səviyyəsi adətən əsas şərtlərdən biridir. Yaşayışın təmin olunması Ausbildung növü və verilən aylıq ödənişə görə qiymətləndirilir. Ausbildung yeri axtarmaq üçün ayrıca viza marşrutu da mövcuddur; rəsmi səhifədə bu marşrut üçün 35 yaşdan aşağı olmaq, B1 dili və 2026-da aylıq 1 091 avro səviyyəsində maliyyə sübutu kimi şərtlər göstərilir.
Vacib məqam
Ausbildung üçün “bir CV-ni 200 şirkətə” göndərmək düzgün strategiya deyil. Peşə, şəhər, dil səviyyəsi və təcrübəyə görə hədəf şirkətlər seçilməli, müraciət sənədləri həmin peşəyə uyğunlaşdırılmalıdır.